Ukrayna ordusunun hücum ehtiyatının əsas qüvvələri hələ döyüşə atılmayıb - general Sırski  

19:38 23.06.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski bildirib ki,  ordunun hücum ehtiyatının əsas qüvvələri hələ döyüşə atılmayıb.

Hafta.az xəbər verir ki, məşhur Ukrayna komandanı bu haqda Britaniyanın “The Guardian” nəşrinə  müsahibəsində danışıb.

O, Ukraynanın qələbəsini görmək istəyənləri səbirli olmağa çağıraraq deyib:

"Hər kəs böyük bir qələbəni bu saat və dərhal əldə etmək istəyir. Biz də bunu istəyirik. Amma biz bu prosesin müəyyən vaxt aparacağına hazır olmalıyıq, çünki düşmən tərəfindən hər istiqamətə çoxlu qüvvələr, çoxlu texnika cəmləşdirilib və çoxlu süni maneələr var".

"Demək istəyirəm ki, bizim əsas qüvvələrimiz hələ döyüşlərdə iştirak etməyib və biz indi düşmənin müdafiəsində zəif nöqtələri izləyir və axtarırıq. Hər şey hələ qabaqdadır", - deyə komandan əlavə edib.

General Rusiyanın əsas qüvvələrini cənubdan köçürməsindən sonra Baxmut yaxınlığındakı Serebryanski meşəsində şiddətli döyüşlərin getdiyini bildirib.

"Ruslar təşəbbüsü ələ keçirməyə çalışır. Deməli, vəziyyət həqiqətən çətindir", - o, şərqdəki vəziyyətlə bağlı belə deyib.

Sırski düşmənin gücünü aşağı qiymətləndirməməyə çağırıb, çünki işğalçılar Ukrayna Silahlı Qüvvələrinin ən təhlükəli hərəkət istiqamətlərini qabaqcadan görürdülər və görməkdə davam edirlər. Oralarda möhkəm müdafiə qururlar, onu keçmək olduqca çətindir. Eyni zamanda, general əmindir ki, Ukrayna qüvvələri işğalçıların müdafiəsində boşluq tapacaq və bundan istifadə edəcək.

Sırski Rusiya ordusunun Ukrayna ordusundan sayca çox olmasına da münasibət bildirib. “Mən heç vaxt daha az düşmənə qarşı döyüşməmişəm, onlar həmişə sayca bizdən üstün olublar”, - deyə komandan ukraynalıların həyatını lüzumsuz olaraq təhlükəyə atmayacağını da vurğulayıb.